Azərbaycan Gəncləri Günü münasibətilə STEAM İnnovasiya Mərkəzində tədbir keçirilib

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə gənclərin inkişafına və innovativ düşüncənin təşviqinə yönəlmiş tədbir keçirilib.
Tədbirdə “Bir Könüllü” tələbə təşkilatının könüllüləri və müxtəlif sahələrdə uğur qazanan gənclər iştirak ediblər. Açılış nitqində “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov layihənin məqsədləri və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib, STEAM yanaşmasının gənclərin peşəkar inkişafındakı əhəmiyyətindən danışıb və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra STEAM mütəxəssisləri Murad Qurbanov və Şamil Sultanzadə “Mühəndis kimdir?!” mövzusunda təlim keçərək iştirakçılara mühəndislik sahəsinin mahiyyəti, onun innovasiya və texnologiya dünyasında rolu barədə dəyərli biliklər veriblər. Təlim interaktiv formada təşkil olunaraq gənclərin suallarını cavablandırmaq və onları bu sahədə daha fəal olmağa həvəsləndirmək məqsədi daşıyıb.